19.03.2021

Azərbaycan bütövlüyü uğrunda aparılan mübarizə Ümumilli lider Heydər Əliyevin həyat simvolu olmuşdur

 

Doğma ölkəmizdə müstəqillik uğrunda aparılan mübarizə tarixə qızıl hərflərlə yazılmışdır. Bu mübarizədə itkilərimiz də olmuşdur, yaralılarımız da, dağıntılarımız da. Lakin Azərbaycan xalqı azadlıq, müstəqillik ideyalarından heç vaxt geri durmamış, əksinə itirdikcə mətnləşmiş, mətinləşdikcə güclənmişdir. Nə yaxşı ki, bu mübarizədə xalqımızın bəxtinə Heydər Əliyev kimi tarixi şəxsiyyət düşmüşdür. Bu bir tarixi gerçəklikdir. Hər bir xalqın taleyində tarixi şəxsiyyətlər böyük rol oynayır. Tarixi şəxsiyyətlər xalqı bəlalardan qorumağın yollarını göstərir, xalqın azadlıq, müstəqillik uğrunda mübarizəsinə rəhbərlik edir. Mustafa Kamal Atatürk türk xalqını qismətinə düşmüş tarixi şəxsdirsə, Heydər Əliyev də Azərbaycan xalqının qismətinə düşmüş böyük dahidir. Müstəqilliyimizin ilk illərində daxili çatışmalar, seperatçı ünsürlər müstəqilliyimizi təhlükə altına atmışdır. Belə bir dövrdə xalqın inadlı təkidi, xalq- Heydər, Heydər-xalq tələbi ilə ümumilli lider ölkə rəhbərliyinə gətirildi. Öz ömrünü xalqına bağışlayan, bütün həyatı boyunca Azərbaycan və Azərbaycançılıq uğrunda mübarizə aparan Ümumilli liderin qayıdışı solmaqda olan ümidləri parlatdı, puç olmağa qədəm qoyan arzuları çiçəkləndirdi. Az müddət ərzində ölkəmizin həm iqtisadi, həm də siyasi cəhətdən inkişafı başladı. Aydındır ki, belə irəliləyiş Azərbaycanın düşmənlərini razı sala bilməzdi. 1995-ci il mart hadisələri də, dövlət çevrilişinə cəhd də məhz Azərbaycanın düşmənlərinin oyunu idi. Silahlı birləşmələrə rəhbərlik edən Rövşən Cavadov və onun havadarları hakimiyyəti qeyri-konstitusyon yolla ələ keçirməyə çalışdılar. Azərbaycan xalqı onların xəyanətkar və cinayətkar əməllərinə son qoyulmasını tələb edərək, Ümumilli liderin ətrafında sıx birləşdi. Bu sıxlıq, bu qətiyyət, Ümumilli liderin uzaqgörən siyasəti nəticəsində xəyanətkar plan baş tutmadı, düşmən qüvvələr Azərbaycanı öz yolundan döndərə bilmədi. 1995-ci ilin mart hadisələri bir daha sübut etdi ki, xalq öz rəhbərini sevir, öz rəhbərinə inanır. Ümumilli lider isə müstəqillik iradəsinə, bu iradənin dönməz və əbədi olmasına sadiqdir.

         Həmin hadisələrə 26 ilin arxasından baxanda bir daha ümumilli liderin dahiliyinə heyran qalır, bir vətəndaş kimi onunla fəxr edirsən. Bu gün xalqınız Ümumilli lider Heydər Əliyev ideayalarını ardıcıl həyata keçirən ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir və inanır ki, bu siyasət bizi daha böyük qələbələrə aparacaqdır.


Açar sözlər: